Qavaldaş. Qobustanda maraq doğuran qədim abidələrdən biri qədim musiqi
aləti-Qavaldaşdır. İshaq müəllimin əsərlərində onun adı «Qavalçalan daş» deyə çəkilir. Bu təsadüfi deyil, çünki həmin abidə yerli maldarlara ata-babadan bu ad
altında məlum olmuş və yaddaşlardan silinməmişdir. Daşdan bu cür qədim musiqi aləti Qobustanda iki ədəddir. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Cingirdağ - Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır (12-ci
tablo, şəkil B). İkinci Qavaldaş Böyükdaş dağının şimal-şərq ətəyində yastı və nəhəng qaya parçasıdır. O bir (qərb) yanını torpaq örtmüş sal qayanın üstündədir. Qavaldaşın şimal ucu 50 sm-dən çox yuxarı qaldırılıb və daşın ortasına yaxın yerdə
altına balaca bir daş atılmışdır. Beləliklə, Qavaldaşın cənub ucu altına atılmış daşın
üstündə olmaqla bütövlükdə havada qalmışdır. Cingirdağdakı birinci Qavaldaş ortada 70 sm qalınlığında, şərq tərəfdə getdikcə nazikləşən (uzunluğu 270, eni 200 sm) yastı qaya parçasıdır. Bu qaya parçası iki ədəd nisbətən kiçik daşın üstünə qoyulub, onlar isə öz növbəsində üstü
şərqə tərəf maili nəhəng qaya üzərində yerləşdirilib. Qavaldaşların hər biri görkəmcə ətrafda olln minlərlə qaya parçalarından o qədər də fərqlənmir. Nə çox ətrafda yastı iri və xırda ölçülü daş və qaya parçası. Bəs niyə yalnız bunlar, göstərilən iki daş musiqi aləti sayılır? Bunun səbəbi həmin
daşların müxtəlif sahələrinə xırda daşlarla zərbə endirməklə alınan müxtəlif tonlu, metal cingiltili səslərdir. Bəli, bu daşlarda zərb alətlərində ifa edilən musiqi nömrələrini səsləndirmək mümkündür.

