воскресенье, 9 февраля 2014 г.


Qobustan Tarixi-Bədii Qoruğu müasir dövrdə. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi mulltimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına veriləcəkdir.   
Qeyd edildi ki, muzeydə, qoruq əməkdaşları üçün 15 xidməti otaq yaradılmışdır. Kitabxana ilə yanaşı, burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.

Bildirildi ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunmuşdur. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunmuşdur. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edəcəklər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunmuşdur. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Burada turistlər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunmuşdur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir. “Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür.

Məlumat verildi ki, muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılmışdır. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilmişdir. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. 







Комментариев нет:

Отправить комментарий