воскресенье, 9 февраля 2014 г.

Qobustana səyahət

 
Yol xatirələrim
 Yol. Təsəvvür edək ki, Bakıda avtobusa oturub Qobustana yola düşürük.
Məqsədimiz yol boyu vətənimizin daşı-torpağı, ab-havası və sözsüz ki, tarixi
yerlərilə də tanış olmaqdır.
Budur, Bibiheybət məscidi bünövrəsinin yanından keçib sıx burnunu
dolanır. Şıx çimərliyinə çıxırıq. Maşınımızı saxlayıb çimərliyin şərq tərəfindəki, dənizə tərəf uzanmış, yarıya qədər dalğalar örtmüş kiçik daş təpəyə yaxınlaşırıq. Onun qərbə baxan üzündə eni 4, uzunu 10 metrə qədər sahədə, qaya üzərində qazılmış böyük bir balıqçılıq səhnəsinə tamaşa edirik. Burada üç balıqçı yönü bir
  tərəfə (quruya tərəf) olmaqla hər üçünün çiynindən keçən ipi çəkir. Şəkildəki balıqçılar elə dinamik təsvir edilmişlər ki, elə bil ipi çəkmək üçün etdikləri gücdən yorulub əldən düşmüşlər. Arxadakı balıqçının ayağı yanında şəbəkəli naxış qalığı, söz yox ki, balıq torunun hissəsidir. Ətrafda isə 10-a qədər real balıq təsviri vardır.  Onların mütənasib ölçüdə, üzərlərində pulları, üzgəcləri, suya baş vurarkən bədənləri ilə quyruğu arasında əmələ gələn əyinti elə dinamik və realdır ki, adam ustasına (rəssamına) heyran qalır. Hər balıqçının başı üstündə isə uçuş  vəziyyətində bir qağayı təsvir edilmişdir.
Bu səhnənin yaranma dövrü ilk orta əsrlərə aiddir. Şəkillər, xüsusən balıqçı kişilər ölçücə heç bir qayaüstü təsvirlər kolleksiyasında olmayan qədər iri (hündürlükləri 4 m-ə yaxın), lakin çox real və mütənasibdirlər. Xətlərinin eni 5,
dərinliyi 2-3 sm-ə çatır. Bu səhnə, görünür, qədim Bakıda şəhərin təminatı üçün balıqçılıq təsərrüfatının mühüm yer tutması ilə əlaqədardır. Buradakı şəkillər tək ölçüsü ilə deyil, çəkilmə texnikası, reallıq dərəcəsi və mövzusu ilə də Qobustanın qədim qayaüstü təsvirlərindən fərqlənirlər.

 Qobustanı tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda, başqa
ölkələrdə də tanıtdıran onun qədim qayaüstü təsvirləri və qədim qobustanlıların məskənləri olmuş arxeoloji abidələrdir. Qobustanda aparılmış arxeoloji qazıntılar göstərir ki, Qobustan qayaları arasında orta Daş dövrünün əvvəllərindən başlayan həyat min illər boyu qaynamış, onların bizə miras qoyduqları qədim qayaüstü təsvirlər və qədim insan düşərgələrindən tapılmış maddi qalıqlar (daş alətlər, təsərrüfat və məişət əşyaları, gil qablar, bəzək şeyləri və s.) tariximizin 10 min ilindən çox dövrünü araşdırmaq üçün yazısız, dilsiz arxivə, kitabxanaya
çevrilmişdir. Oxucum, gəlin Qobustan abidələri, onların dövrü yaşı, yaranma səbəbi və məqsədi, qədim qobustanlıların təsəvvüründə həyatın əhəmiyyəti və s. haqda söhbət açmazdan əvvəl Qobustanın keçmişinə səyahət edək. Bu səfərdə icazə verin mən bələdçilik edim, bu səfərdə sizin nümayəndəniz kimi ulu baba və nənələrimizi dindirim, onların keçmişdə necə həyat keçirmələri, məşğuliyyətləri və s. haqda söhbətlərinə birgə qulaq asaq. Tunc dövrünün axırlarından başlayaraq Qobustanda təbiət dəyişməyə, iqlim  qurulaşmağa, Xəzər dənizi vaxtaşırı (elə əsrimizin əvvəlində də) olduğu kimi  çəkilib uzaqlaşmağa başlayır. Artıq indiki Qaradağ-Ələt arasında qədim Qobustan  qayıqları üçün dəniz limanları yararsızlaşır. Beləliklə, həyat yavaş-yavaş  Qobustandan Bakı buxtasına, Abşeron yarımadasına üz tutur. Nəticədə ticarətin inkişafı, Bakı limanında yaşayış məskənlərinin get-gedə böyüyüb-birləşib şəhərə  çevrilməsi ilə nəticələnir. İqlimin quraqlaşması, dənizin çəkilməsi ilə quruya  çevrilmiş Xəzəryanı torpaqların şoranlığı yerli qəbilələrin əkinçi-maldar  təsərrüfatının inkişafına əngəl törətdikcə, vaxtilə yardımçı təsərrüfat olmuş  balıqçılıq yeni vüsət alır, Çox güman ki, Şıx çimərliyindəki balıqçılıq səhnəsi də o  dövr və ondan sonrakı zamanlarda Qobustan adət-ənənəsinin saxlanması
təcəssümüdür.

 Biz avtobusa qayıdıb yola davam edirik. Budur, qayalar zümzümə edir. Qayalar arasından qalxan cəngisayaq yallıhavası sel kimi axır, qavaldaşla  çalınır, burada isə bir dəstə boylu-buxunlu cavan kişi əl-ələ tutub yallı oynayır. Bu yanda isə iri, vəhşi öküzlər durmuşlar. Onların bəzisi bizi görüb nərə çəkməyə, qabaq ayaqları ilə torpağı qazmağa  hazırlaşır, bəziləri isə dayanıb gövşəyir. O tərəfdə bir it vəhşi qabanı qovur. Bu tərəfdəkilər gurlardır. Onlar ürkək-ürkək bizə baxırlar. O biri yanda vəhşi at ilxısı
otlayır. Atlar sahibsizdir, ilxıçısı yoxdu. Onları vəhşi ayğır otarır. Bu yandakı atlar  hürküb fınxırdılar. Onlara nə oldu? Biz ki onlara toxunmadıq? Yox, onlar  bizdən yox, ilxının içindəki yay-oxlu adamlardan hürkmüşlər. Onlar ovçulardır,  atları ovlamağa gəliblər. Bu yanda, sol tərəfdəki qayada isə öküzləri ovlayırlar. Ovçular öküzləri qayanın uçurumuna sıxışdırmışlar, onlara ox atırlar.  Qabaqdakı öküz isə çıxılmaz vəziyyətdədir, buynuzlarını irəli verib adamlara  hücum edir. Bəs bu nədir? Əlində qalxan tutmuş bir nəfər nizəni başqa birinin sinəsinə yönəldib. O isə yazıq-yazıq əllərini qaldırıb təslim olur. Bu ki Tunc dövrünün adamıdır. O yandakı başı dəbilqəli atlı isə orta əsr cəngavəridir. Sağ əlində toppuz tutub, sol əli ilə atın yüyənini dartır. Qayalardakı keçilərə bax, birbirindən
gözəl, iri, kök və mehriban keçilər. Elə qatarlanıblar ki, elə bil «yallı» tutublar. Görünür şifahi xalq ədəbiyyatında belə bir bayatı boş yerə deyilməyib:

 Anam a xallı keçi,
Məməsi ballı keçi.
Uca qaya başında
Tutubdur yallı keçi.

 Söhbətimə diqqətlə qulaq asan Ulu nənə söhbətim üçün razılıq edib dedi:
- Nəvələrim, insan kimliyini bilməli, özünü dərk etməlidir. Heç bir
kəlmənin özünü yerli, yerlinin özünü kəlmə kimi qələmə verməsi Allaha da xoş getməz. Düzdür, indi elələri də belələri də var. Lakin ataların bir kəlamını yaddan çıxarmaq olmaz: «Əsil-nəslini danan haramzadədir». Adam gərək mənliyini,  qürurunu itirməsin. İndi sizlərdə bir adət düşüb, deyirsiniz mənim hansı mahaldan, vilayətdən, şəhərdən, kənddən olmağımı soruşma, bilirsən ki, azərbaycanlıyam, kifayətdir.

 Qobustanı dünyaya tanıtdıran ilk növbədə onun qədim qayaüstü təsvirləridir. Qobustanda qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə keçid mərhələsindən, 12-15 min il bundan əvvəldən  başlayıb orta əsrlərə, islamın yayılması dövrünə kimi davam edir. İslamın canlı aləmin yaradıcısı Allahdır, dünyanı, da o yaratmışdır, ondan başqa heç kəs canlı yaratmaq iqtidarında deyil‖ müddəaları insanı və bütün canlıları təsvir etməli də qadağan edirdi. Bu səbəbdən də artıq orta əsrlərdən Qobustan qayalarında təsvirlər getdikcə azalır, reallığını itirir. Lakin bundan sonra da yəni orta əsrlərin özündə, hətta son əsrlərə aid bəzi təsvir, işarə, damğa və simvollara rast gəlmək olur. Əlbəttə, on min illərlə yerli xalqın mədəni vərdişinə çevrilmiş mədəniyyət izlərini onun ruhu və qanından çıxarmaq, minillərin keçməsini, neçə-neçə nəsillərin dəyişməsini tələb edir.
Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyasının Böyükdaş, Kiçikdaş, Cingirdağ- Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrinin ümumi sayı 6 mindən çoxdur. Buraya insan və heyvan
təsvirləri, quş, balıq, hətta ilan və kərtənkələ kimi sürünənlər, böy, əqrəb kimi həşarət şəkilləri daxildir. Qayalarda çoxlu qayıq, balıq, tutmaq üçün tor şəkilləri,  işarə və damğalar, latın və ərəb qrafikası ilə yazı qalıqları da saxlanmışdır.

Müxtəlif tarixi dövrlərdə yaranmış, qədim qobustanlıların keçmiş həyatını
əks etdirən abidələrin saxlandığı bu kiçik ərazi əslində təbii arxeoloji rayon, açıq  səma altında muzeydir.

Qobustanı qorumaq, onun qeydinə qalmaq, abidələrini daha dərindən
öyrənmək, ərazisini abadlaşdırmaq, özünü xalqımızın müqəddəs pirinə çevirmək lazımdır. Beləcə bizim səyahətimiz sona çatdı.

Комментариев нет:

Отправить комментарий